<-- əvvələ qayıt

Neftçi"də problemi tək məşqçidə yox, başqa yerlərdə də axtarmaq lazımdır"

11.09.2017 16:56
Xəbərin şəklinə bax

"Neftçi" klubunun sabiq baş məşqçisi Elxan Abdullayevin Qol.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.
 
- Tərlan Əhmədovun "Neftçi"nin baş məşqçisi təyin olunmağına münasibətinizi bilmək istərdik.
 
- Nə münasibət bildirim? Nə deməliyəm?
 
- Sizcə, yeni təyinat "Neftçi"yə nə dərəcədə faydalı ola bilər?
 
- Yenə şablon sözlər deməliyik. Tərlan Əhmədova uğurlar aruzlayıram, ürəkdən təbrik edirəm. Arzu edək ki, onda hər şey alınsın, komandanı çətin vəziyyətdən çıxarsın. Təki faydalı olsun.
 
- "Neftçi"ni bu acınacaqlı durumdan çıxarmaq üçün edilməli olan baş məşqçi dəyişikliyi idi?
 
- Əgər iki ilə beş baş məşqçi dəyişiblərsə və xeyri olmayıbsa, deməli, problemi başqa yerlərdə axtarmaq lazımdır. Tək baş məşqçini günahlandırmaq düzgün deyil. Başqa səbəblər də var. Ancaq hər bir yeni baş məşqçinin gəlişi komandaya xeyir verə bilər. Ona görə də Tərlan müəllimə uğurlar aruzlamalıyıq. Təki o, "Neftçi"ni bu vəziyyətdən çıxarsın.
 
- "Neftçi"də başqa problemlərin də olduğunu dediniz. Nəyi nəzərdə tutursunuz?
 
- Mən bu mövzuda danışmaq istəmirəm. "Neftçi"dən ayrılanda klub prezidenti Orxan Hüseynzadəyə mövcud problemləri dedim. O, klubda nə çatışmadığını bilir. Mətbuata isə bu haqda danışmaq lazım deyil. 
 
- Düşünürsüz ki, "Neftçi"də baş məşqçiyə özünü doğrultmaq üçün az vaxt verilir?
 
- Bəli. Mən həmişə demişəm ki, baş məşqçiyə vaxt vermək lazımdır. Səbirli olmaq vacibdir. Məşqçiyə inanırsansa, ona vaxt da verməlisən. İnanmırsansa, o, başqa məsələ. Birdən-birə baş məşqçinin qarşısına hədəflər qoymaq düzgün deyil. İndi Tərlan müəllimə də vaxt lazım olacaq. Özü yenidən komanda qurmalıdır. Qeyd etdiyim ki, səbr lazımdır.
 
- Tərlan Əhmədov da vaxtsız istefaya göndərilə bilər?
 
- Mən heç kimə bunu arzulamazdım. Ancaq həyatdı də, hər şey ola bilər. "Neftçi"də baş məşqçiyə təzyiq böyükdür. Bu klubda işləmək çox çətindir. Özüm də bunun şahidi olmuşam. Hər tərəfdən təzyiqlər olur. Azarkeşlər də komandanın aşağı pillələrdə olmasını özünə sığışdıra bilmir. Amma hər şeyə reallıqla baxmaq lazımdır. "Neftçi"ni ancaq düzgün iş və vaxt bu vəziyyətdən çıxara bilər. 
 
- "Neftçi"də çalışarkən milli komandadakı işinizdən ayrıldınız. Yenidən milliyə qayıtmaq fikriniz var?
 
- "Neftçi"dən yenicə ayrılmışam. Hələ ki, istirahət edirəm. Fikirləşməyə vaxtım var. Hələ ki, heç bir təklif yoxdur. Əlbəttə ki, bununla heç nə bitmir. "Neftçi"də işimiz alınmadısa, o demək deyil ki, məşqçiliyi atmalayıq. Təbii ki,  hardasa işləyəcəm. Ancaq ilk növbədə təklif gəlməlidir. Millidən də təklif gəlsə, çalışaram.

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014