<-- əvvələ qayıt

Yaşar Seyidov: "Azərbaycanda iş adamları futbola nifrət edirlər"

11.09.2017 14:52
Xəbərin şəklinə bax

İkiqat Azərbaycan çempionu və üç dəfə ölkə kubokunu qazanmış "Bakı"nın icraçı direktoru Yaşar Seyidovun müsahibəsi
 
“Əcənəbi futbolçulara o qədər borcumuz olmasaydı, bu gün akademiyamızın yetirmələri ilə çempionluğa oynaya bilərdik”
 
- Klubun tənəzzülə uğramasının əsas səbəblərindən biri “Bakı” ilə müqaviləsi olan futbolçuların FİFA-nın mübahisəli məsələlərin həlli palatasına müraciət etmələridir. “Bakı”nın o futbolçulara borcu olduğundan onlar klubdan FİFA-ya şikayət etdilər. FİFA-nın Nizam-İntizam Komitəsi bizimlə bağlı sanksiyalar tədbiq etdi. Bildirildi ki, tələbləri yerinə yetirməsək, Premyer Liqada oynamağımız mümkün deyil. Həmin futbolçulara olan borclar ödənilməli idi. Klub rəhbəri Hafiz Məmmədov biznes sahəsində müəyyən çətinliklərlə üzləşdiyi üçün komandanı bu vəziyyətdən çıxarmaq mümkün olmadı. FİFA “Bakı”nın 15 xalını sildi.
 
Yaşar Seyidov "Bakı"nın transfer işlərində səhvlərə yol verdiyini və bunun kluba böyük zərbə vurduğunu deyir:
 
"Transfer siyəsəti ilə heç vaxt məşğul olmamışam. Futbolçuların gətirilməsi, müqavilələrin bağlanmasında iştirak etməmişəm. Bu gün “Bakı”nın bu vəziyyətə düşməsində transfer siyasətinin düzgün aparılmamasının böyük rolu oldu. İşlər düzgün aparılsaydı, əcnəbi futbolçulara o qədər borcumuz olmasaydı, sözsüz ki, bu gün akademiyamızın yetirmələri ilə çempionluğa oynaya bilərdik. Vaxtında buraxılmış səhvlər, işin düzgün istiqamətdə aparılmaması bu vəziyyətə gətirib çıxardı. Həmişə bununla bağlı həyacan təbili çalırdım, öz narazılığımı bildirirdim. İndi daha bu haqda danışmaq gecdir. Artıq hər şey geridə qalıb. Bunları deməyim özümə bəraət kimi başa düşülə bilər. Ancaq hər kəs bilməlidir ki, mən daim klubda uşaq futbolu siyasəti aparmışam. Bu gün də o işimi davam etdirirəm". 
 
FİFA-nın xallarını sildiyi "Bakı" 2015-ci ildə Premyer Liqanı tərk etdi. 2015-2016 mövsümündə birinci divizionda mübarizə aparan klub dünyanın ali futbol qurumunun növbəti sanksiyası ilə üzləşdi və nəticədə həvəskarlar liqasında çıxış etmək məcburiyyətində qaldı.
 
Yaşar Seyidov bu müddət ərzində bütün dövlət və futbol qurumlarından kömək istəsə də, heç bir faydası olmadı. "Bakı"nın bazasındakı meydançalar yararsız hala düşdü. Bunlar külli miqdarda vəsait hesabına inşa olunan Azərbaycanın ən gözəl meydançaları idi. Yaşar Seyidov qoruyub saxlaya bildikləri bir meydançanı digər klublara icarəyə verməklə klubun müəyyən xərclərini ödədiklərini bildirir:
 
“Bakı”nın Azərbaycan futbolu üçün nə qədər əhəmiyyət kəsb etdiyini bütün qurumlara izah etdim. Böyük bir akademiyanın bağlanmaması üçün bütün dövlər qurumlarına, hətta Milli Məclisə də müraciət ünvanladım. Təəssüf ki, heç bir kömək olmadı və buna görə də akademiyamız öz fəaliyyətini dayandırdı. Bazamızda beş təbii meydança salınıb. Bu meydançaların ikisinin altında isitmə sistemi var ki, ilin bütün fəsillərində orda futbol oynamaq olar. “Bakı”dan başqa Azərbaycanda dörd belə meydança mövcuddur. Bazanın kommunal xərclərini çəkmək üçün stadionumuzu bəzi klublara icarəyə veririk. Bununla yalnız bir stadionu saxlamağa gücümüz çatır. Meydançalardan dördü pis vəziyyətə düşüb. Maddi imkansızlıqdan onlara baxa bilmirik. Su verə bilmədiyimiz üçün o meydançalar çox pis durumdadır.
 
Bizdə futbol vətənpərvərləri yoxdur. Kimə müraciət edirəmsə, deyir bizə tapşırılmalıdır, sonra nəsə etməliyik. Hamısı duyğularla, ürək ağrısı ilə uşaq futbolundan danışır. Bu lap Spartak filminə bənzəyir. Spartak məğlub olanda qladiatorlar deyir ki, biz niyə məğlub olduq. Spartak da cavab verir ki, hamı azadlığı istəyir, amma bunun uğrunda heç kim ölümə getmək istəmir. İndi bizdə böyük şirkətlər, iş adamları Azərbaycan futbolunun inkişaf etdirilməli olduğundan danışır, ancaq onlara kömək üçün müraciət edəndə milyardlardan danışanlar kiminsə bunun üçün göstəriş verməli olduğunu deyir. Hamı utopik, nağıl kimi söhbətlər edir. Azərbaycanda müraciət etmədiyim imkanlı şəxs yoxdur. Hamısı deyir ki, mənim burda xeyrim nədir? İndi futbolu sevən yoxdur. Düşünmürlər ki, gənc futbolçuları yetişdirməsək, Azərbaycan futbolunun gələcəyindən danışa bilmərik. Biz Namiq Ələsgərovu Qusarın bir kəndindən gətirmişik. Ancaq indi Namiqlərə rast gəlmirik”.
 
 
Həvəskarlar liqasında çıxış edən "Bakı" futbolçuları maaş almır. Yaşar Seyidov bu cür vəziyətin çox çəkməyəcəyini düşünür:
 
"Bakı"nın futbolçuları akademiyamızın uşaqlarıdır. Onlara pul verilmir. Futbolçuların geyimi, yol və digər xərclərini müəyyən işlərin qarşılığında həll edirik. Bunu mətbuata açıqlamaq istəmirəm. Futbolçularımız ancaq “Bakı” naminə oynayırlar. Ancaq bunun da bir həddi var. Onlar bizdən nəsə tələb etməsələr də, bu cür davam etmək düzgün deyil. Onlar artıq peşəkar futbolçulardır. Artıq bir neçəsi peşəkar klubla müqavilə bağladı. Valeh (Yaşar Seyidovun oğlu - red.) Portuqaliya klubu ilə müqavilə imzaladı. Hazırda “Bakı”da çıxış edən digər futbolçular da istənilən klubumuzda, hətta ölkə xaricində oyamaq gücündədirlər. “Bakı”ya Azərbaycan futbolunun mayakı kimi baxmaq  lazımdır. Bu gün Azərbaycan futbolunda öz sözünü deyənlər məhz “Bakı” akademiyasının yetirmələridir”.  
 
Yaşar Seyidov akademiyada futbolçuların transferindən gəlir əldə edə bilmədiklərini təəssüf hissi ilə vurğulayır:
 
"Hazırda Azərbaycanda 1-2 klubu çıxmaq şərtilə digərlərinin rəhbərliyində olanlar peşəkar adamlar deyillər. Bir futbolçunun yetişdirilməsi üçün 5-6 il onun əziyyətini çəkirsən. Axırda hansısa klub heç bir təzminat ödəmədən onu heyətinə cəlb edir. Futbolçuların valideynlərini çağırıb deyirlər ki, sizin uşağınızı kluba gətiririk, onun sənədini klubundan alın. Mənim də uşaqlara görə ürəyim ağrıyır. Onlar neçə ildir “Bakı”da çıxış edirlər. İndi hər hansı kompensasiyaya görə futboldan kənarda qalmaları düzgün olmaz. Təəssüf ki, Azərbaycanda müəyyən klub rəhbərləri təsadüfi adamlardır, futbolda səriştələri yoxdur. Həmin adamları ancaq pul qazanmaq düşündürür. Ona görə də bu gün futbolçu yetişmir. Artıq yeni futbolçu nəsli yoxdur. Bizim başqa yolumuz qalmır. Ya o futbolçunun karyerası məhv olmalıdır, ya da sənədin verməliyik ki, getsin başqa yerdə oynasın”.  
 
 
Yaşar Seyidov sonda ümumi olaraq  klublarımızın düşdüyü ağır vəziyyətdən və çıxış yollarından danışdı:
 
"Bu gün "Şəmkir"in mərhum rəhbəri Şahbaz Süleymanov kimi adamlar yoxdur. Klub yaradan kimi AFFA-dan kömək istəyirlər. Bu fikirlərlə razı deyiləm. Bu gün bizim iş adamlarımız da nəsə etməlidir. Əgər bu gün Tovuzda  futbol məhv olursa, bundan ilk növbədə rayonun imkanlı şəxsləri narahat olmalıdır. Qusar olsun, Lənkəran olsun. Bakının özündə nə qədər iş adamı var. Hər şeyi Hafiz Məmmədovun üstünə atmaq olmaz axı. Həyatımın elə yaşına gəlib çatmışam ki, artıq hər şeyi görmüşəm. Bu gün Türkiyə və Rusiyada bütün klubları iş adamları maliyyələşdirir. Yəni bu gün bizə də belə adamlar lazımdır. Təəssüf ki, onları tapmaq çətindir. Baxırsan ki, çox böyük imkanı var, ancaq 10 yaşlı uşağın 20 formasını almaq üçün köməklik etmir. Hansı ki, formaların qiyməti 400 manat edir. Ancaq uzun müsahibələrində futbolumuzun inkişaf etdirilməsindən danışır.  Hamı AFFA prezidenti Rövnəq Abdullayevi nişan verir, ondan kömək istəməyimiz deyirlər. Ancaq Rövnəq müəllim bütün klubları maliyyələşdirməli deyil.
 
Futbolu hamı sevməlidir. Sevməklə də iş bitmir. Müəyyən vəsait xərcləmək üçün ürəkli insanlar olmalıdır. Bu gün iş adamları ancaq düşünür ki, kluba 10 manat xərcləyirimsə, 15 manat qazancım olsun. Ona görə də gəlin, özümüz aldatmayaq, hər şeydə AFFA-nı günahlandırmayaq. Futbolu sevən adamların olmamasından bu gündəyik. Şahbaz Süleymanovun "Şəmkir"ə etdikləri həmişə danışılacaq. Hamı ona rəhmət oxuyacaq. Bu gün Azərbaycanda ondan da imkanlı yüzlərlə şəxs var. Ancaq Saşanın etdikləri təkrarlayan yoxdur. Bu gün Azərbaycanda iş adamları nəinki futbolu sevirlər, hətta ona nifrət edirlər. Başa salırsan ki, bu uşaq 10 ildən sonra böyük klublarda oynaya bilər. Deyir ki, mən oturub 10 il gözləyən deyiləm. Deməli, günah bizim özümüzdədir. Nə qədər ki, futbola təmannasız dəstək vermək düşüncəsi olmayaq, ciddi uğurlar qazana bilməyəcəyik”.
 
Mənbə: qol.az

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014