<-- əvvələ qayıt

Azərbaycan millisi Sankt-Peterburqa rəqib ola biləcək?

12.01.2017 11:47
Xəbərin şəklinə bax

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir davam edir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda ikinci tur oyunlarına yekun vurulub. İlk turda Litvaya 1:2 hesabı ilə uduzan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də Qazaxıstan yığması ilə 2:2 bərabərə qalıb. 
 
2 turdan sonra 1 xalı olan seçməmiz qrup sonuncusudur. 4 xala malik Litva C qrupunun lideridir. Qazaxıstan və Slovakiya millilərinin hesabında isə 2 xal var. 
 
Təbriz Həsənovun yetirmələri ilk 2 tur ərzində qələbə qazana bilməsə də, 1/4 finala yüksəlmək şansını itirməyib. Yüksək yerlər uğrunda mübarizəni davam etdirmək üçün millimiz qrup mərhələsinin son turunda Slovakiyanı məğlub etməlidir. 
 
Bundan başqa, Litva yığması da Qazaxıstanla görüşdə uduzmamalıdır. Bu halda millimiz 4 xalla qrupu ikinci yerdə tamamlayacaq. Qazaxıstan Litvanı məğlub etsə, millimizin slovaklarla oyunun nəticəsindən asılı olmayaraq, 1/4 finaldan kənarda qalacaq. 
 
Yığmamız Slovakiya ilə yanvarın 13-də üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 15:15-də start götürəcək. 13:00-da isə Litva Qazaxıstanı sınağa çəkəcək. 
 
Komandamız 1/4 finala adlasa, yarımfinal yolunda Sankt-Peterburq komandası ilə üz-üzə gələcək. Meydan sahibləri 2 turdan sonra D qrupunda birinciliyi təmin edib. 
 
Seçməmiz 1/4 finala yüksələ bilməsə, bu halda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Millimiz qrupda üçüncü yeri tutsa, 9-cu yer uğrunda ilk matçda D qrupunun dördüncüsü ilə görüşəcək. U-19 qrup sonuncusu olsa, növbəti mərhələdəki ilk matçında D qrupunun üçüncüsünü sınağa çəkəcək.
 

<-- əvvələ qayıt

wap.futbolxeber.az / (c) 2013-2014